Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir.
== Ümumi məlumat ==
Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.